13:27, 08 Yanvar 2019 (Çərşənbə axşamı) 356

''Siyavuş Novruzov Mehman Hüseynova qarşı ittihamların qurama olduğunu etiraf edib''

''Siyavuş Novruzov Mehman Hüseynova qarşı ittihamların qurama olduğunu etiraf edib''
Mehman Hüseynov heç vaxt jurnalist fəaliyyəti göstərməyib, onun kimilərinin məqsədi yalnız Azərbaycan haqqında mənfi rəy yaratmaq olub.

Bunu "Trend”-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. 

O qeyd edib ki, M.Hüseynov insanların şəxsi əmlakını çəkərək cəmiyyətə təqdim etməyə çalışır və bu yolla da onların mülkiyyət hüquqlarını pozurdu.

"Mehman Hüseynov da cinayət törədib, eyni zamanda, vəzifəsini yerinə yetirən zabitə qarşı zor tətbiq edib. Hər kəs qanun qarşısında birdir və törətdiyi cinayətə görə cəzasını almalıdır”.

Deputatın dediklərini "Facebook” sosial şəbəkəsindəki profilində şərh edən media-ekspert Ələsgər Məmmədli Siyavuş Novruzovun dolayısı yolla Mehman Hüseynova qarşı rəsmi ittihamların qondarma olduğunun etiraf etdiyini bildirib.

"Mehman Hüseynovun niyə həbs edildiyini bilməyənlər üçün Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov yenidən hafizə təzələyəcək ifadə işlədib və səbəbi təkrar ifadə edib ki, Mehman Hüseynov insanların şəxsi əmlakını çəkərək cəmiyyətə təqdim etməyə çalışır və bu yolla da onların mülkiyyət hüquqlarını pozurdu. Yəni, bütün rəsmi ittihamlar qondarmadır, əsas səbəb Mehmanın nazirlərin, məmurların korrupsiya faktlarını ictimailəşdirməsidir. Bundan daha böyük etiraf ola bilməz”.

Hazırda məhbus həyatı yaşayan və azadlığına iki ay qalmış bloger Mehman Hüseynova qarşı yeni cinayət işi açılıb.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib. 

Müxtəlif beynəlxalq təşkilatlar, ayrı-ayrı tanınmış ictimai xadimlər blogerə qarşı açılmış yeni cinayət işinə etiraz bəyanatları ilə çıxış ediblər.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu da Mehman Hüseynovla bağlı bəyanat yayıb.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun idarə komitəsi (EAP CSF) Azərbaycan Milli Platformasına dəstək olaraq Azərbaycandakı rejimi və ədliyyə sistemini tənqid etdiyi üçün həbs olunan bloqqer Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırış edib.

Bəyanatda deyilir ki, bu vəziyyət gələcəkdə Avropa İttifaqı-Azərbaycan İnsan Hüquqları Dialoquna və Azərbaycan ilə Strateji Əməkdaşlıq Sazişinin imzalanması prosesinə kölgə salır.

"Siyasi məhbuslara azadlıq verilməsi və vətəndaş hüquqlarının təmin edilməsini istəyən azərbaycanlı vətəndaşlara qarşı təzyiqə son qoyulması vacibdir. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının 26 üzvünün imzaladığı bəyanata əsasən Mehman Hüseynovun işi tək deyil və cəzasının sona çatmasına az qalmış yeni cinayət işi ilə ittiham olunan ən azı beş aktivist var. Eyni zamanda dövlət tərəfindən senzura qoyulmuş KİV-lərdə çalışan xüsusi şəxsləri hədəf alan və vətəndaş cəmiyyətinə qarşı yönəldilmiş yeni "qarayaxma və böhtan kampaniyası” nın şahidi oluruq.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycada monitorinq aparan həmməruzəçiləri cənab Roqer Qeyl (Roger Gale) (Birləşmiş Krallıq, Avropa Komissiyası) və Stefan Şçennaç (Stefan Schennach) (Avstriya) korrupsiyaya qarşı mübarizə aparan Azərbaycanlı bloqqer və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Mehman Hüseynovun iki illik həbs müddətinin bitməsinə iki ay qalmış yeni ittihamlara məruz qalması ilə əlaqədar dərin narahatlıqlarını bildirib.

"Təəssüf ki, yeni ittihamların siyasi motivli olduğunu və siyasi məhbus olaraq tanıdığımız məşhur insan hüquqları müdafiəçisini susdurmaq məqsədi daşıdığını aydın şəkildə göstərən əsaslandırılmış səbəblər var. Biz Azərbaycan hökümətini Mehman Hüseynovun işini mütləq prioritet məsələ kimi nəzərdən keçirməyə çağırırıq.

Avropa Şurasının İnsan Hüquqları üzrə müvəkkili Dunya Miyatoviç (Dunja Mijatović) Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd Quliyevlə Mehman Hüseynovla bağlı müzakirə aparıb.

"Nazir müavininə dedim ki, hökümət 26 dekabrda cənab Hüseynova qarşı irəli sürülmüş, etibarlılığı olmayan ittihamları ləğv etməlidir. Mən həmçinin vurğuladım ki, hökümət qurumları sağlamlıq vəziyyəti son dərəcə kritik olan cənab Hüseynova lazımi tibbi yardım göstərməyi öhdəsinə götürməyə borcludur. Buna görə də Hüseynov lazımi tibbi yardım ala biləcəyi bir mülki xəstəxanaya köçürülməlidir. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti insan hüquqları üzrə öhdəliklərinə əməl edəcək. Mən Mehman Hüseynovun işində irəliləyiş gözləyirəm və gələcək aylarda hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələri ilə konstruktiv dialoq aparmaq üçün Azərbaycanı ziyarət edəcəyimə ümid edirəm”.
Meydan Tv