23:55, 16 Noyabr 2018 (Cümə) 214

"Səfirlər tacirə çevriliblər" - Politoloq

Gündəmdə yer alan əsas olaylardan biri ölkənin İspaniyadakı səfirinin şərab biznesi ilə məşğul olması mövzusudur.

Bu mövzu vacib suallardan birini ortaya qoyur.

Xarici ölkələrdə Azərbaycan səfirləri ölkənin milli və təhlükəsizlik maraqlarını qoruya bilirlərmi?

Keçmiş səfir, politoloq Hikmət Hacızadə Toplum.tv-yə bildirib ki, Azərbaycan səfirləri Qərb ölkələrində ictimaiyyətlə az işləyirlər: "İctimaiyyət çox güclüdür və hökumətləri nəzarət altında saxlayır. Buna görə də mütləq səfirlərimiz oradakı  müstəqil qurumlarla, assosiasiyalarla əlaqə qurmalıdırlar. Çünki onlara ölkəmizin mövqeyini çatdıra və onları öz tərəfimizə çəkə bilsinlər. Əfsuslar olsun ki, bu sahədə səfirlərimizin işi zəifdir".

"Ölkənin maraqlarından çox şəxsi ciblərini düşünürlər"

Politoloq Elxan Şahinoğlu öz açıqlamasında bildirir ki, Xarici İşlər Nazirliyində Elmar Məmmədyarovun fikrini ana dilində izah edə bilməməsindən də böyük qüsurlar var: "Səfirlər tacirə çevriliblər. Onlar ölkəsinin maraqlarından çox şəxsi ciblərini düşünürlər, çalışdıqları ölkədə biznes qururlar. Abel Məhərrəmovun İspaniyadakı səfir oğlunun şərab biznesi ilə məşğul olduğuna dair xəbərlər illərdir mətbuatda yazılır, müzakirə olunur. Bəlkə atasının biabırçılığından sonra onun haqqında da tədbir görərlər. Səfir oğlu əgər belə bacarıqlıdırsa diplomat statusu olmadan şərab biznesi ilə məşğul olsun".

Politoloq bildirir ki, çalışdığı ölkədə biznes quran səfir həmin ölkənin kəşfiyyatına da çalışa bilər. 

O qeyd edir ki, həmin ölkənin kəşfiyyat xidiməti pulgir səfirləri güdür və onları şantaj etmək üçün əllərində kifayət qədər faktları olur: "Belçika səfirliyimizdə yüksək rütbəli diplomatımızı tanıyırdım. XİN-dəki atasına güvənərək Brüsseldə restoran açmışdı. Və ya Azərbaycanın Ukraynadakı səfirliyində indiki və keçmiş səfirlər arasındakı qalmaqalın da predmeti biznesdir. Səfir xələfinin restoranını əlindən almaq istəyir. Bu cür iş prinsipi olan səfirliklərimizlə və səfirlərimizləmi  xarici ölkələrdə milli və təhlükəsizlik maraqlarımızı qoruyacağıq, Ermənistanın işğalçı mahiyyətini anlatmağa çalışacağıq? Axı onlar da bir qisim səfirliyimizin və səfirimizin nə işlə məşğul olduğunu bilir".

İqtisadçı Qubad İbadoğlu isə Toplum tv-yə bildirir ki, səfirdən səfirə fərq var: "Baxır səfirə. Səfir var xaricdə biznesə cəlb olunub, səfir var xaricdə dincəlir, səfir də var ki, işləyir, amma dövlətin deyil, hakimiyyətin maraqarı naminə".

Mövzu ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə gün ərzində dəfələrlə zəng etsək də, mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanı tapa bilmədik. Telefona cavab verən şəxslər xanımın gün ərzində tədbirdə olacağını və bu gün suallara cavab verə bilməyəcəyini bildiriblər. 

Samirə Əliyeva