17:05, 09 Oktyabr 2018 (Çərşənbə axşamı) 865

Qubad İbadoğlu: "Azərbaycan iqtisadiyyatında azadlıq yoxdur"

Qubad İbadoğlu:
"Azərbaycan iqtisadiyyatında liberallaşma istiqamətində islahatlara ehtiyac var"

Azərbaycan bu ilin yarıdan çoxunu başa vurub. 

İl ərzində ölkənin iqtisadiyyatında bir çox dəyişikliklər baş verib. 

Bəs Azərbaycanın iqtisadiyyatının səviyyəsi hazırda nə vəziyyətdədir?

Bu barədə Toplum.tv  iqtisadçı Qubad İbadoğlu ilə müsahibə aparıb.

"Sanki 2015-ci ildən əvvəlki dövrə qayıtmışıq..."

- Qubad bəy, 2018-ci ilin demək olar ki, yarıdan çoxunu başa vurmuşuq. Bu ildə ölkənin iqtisadiyyatında baş verən müsbət və mənfi dəyişiklikləri necə dəyərləndirirsiniz?

- Hesab edirəm ki, 2018-ci il Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli bir ildir. 2016-2017-ci illərdə ölkənin iqtisadiyyatında baş verən tənəzzüldən sonra 2018-ci ildə iqtisadi artımı müşahidə edirik. Bu iqtisadi artımın formalaşmasında təbii ki, dünya bazarında neftin qiymətinin bahalaşmasının əhəmiyyətli rolu var. Hazırda bu qiymət səviyyəsi daha da artmaqdadır. Məncə, bir tərəfdən Azərbaycanın bu il  dünya bazarında neftin qiymətinin bahalaşması səbəbi ilə bəxti gətirib. Ölkəyə daha çox valyuta gəldi. Xarici ticarət balansının müsbət saldosu çoxaldı. Digər tərəfdən ölkə təəssüflər olsun ki, neft pullarını daha çox daxili büdcəyə transfert etməklə büdcənin gerçək səviyyəsini bir az da şişirtmiş oldu. Sanki 2015-ci ildən əvvəlki dövrə qayıtmışıq. Bu, həm də iqtisadiyyatda islahatların ləngiməsinə, ümumiyyətlə islahatların gündəmdən çıxarılmasına səbəb oldu. Ötən 2 ildə bu istiqamətdə gedən müzakirələr, yol xəritələri və digər proqram sənədlərinin qəbulu artıq 2018-ci ildə  arxa plana keçdi. Bu islahatların reallaşması istiqamətində ümumiyyətlə, addımlar atılmadı. İndiki halda iqtisadiyyatın 2015-ci ildən əvvəlki səviyyədə idarə olunması, yəni daha çox neft resursları üzərində siyasətin qurulması bu islahatların ləngiməsinin əsas səbəblərindən biridir.

"Hesab edirəm ki, bu, yanlış siyasətdir"

- Sizcə, Azərbaycan hansı sahədə daha perspektivli ola bilər? Hansı sahədə dəyərlərimizi daha ön plana sala bilərik?

- Hazırda yeridilən siyasət düzgün hədəflənməyib. Bu gün Azərbaycan iqtisadiyyatının heç də əsas inkişaf platforması, inkişaf yolu aqrar sahədən keçmir. Hazırda biz daha çox aqrar sahədə sərmayə yatırırıq. Yəni üzüm istehsalını, pampıq istehsalını artırmaq, şəkər çuğunduru, tütün, ipəkçiliyi geri qaytarmaq niyyətindəyik. Hesab edirəm ki, bu, yanlış siyasətdir. Azərbaycan iqtisadiyyatının gələcəyi yalnız elm və təhsildə, innovasiyalarda ola bilər. Azərbaycanın istedadlı gənclərinə qoyulan investisiyalar daha çox fayda verə bilər. 

- Elmə qoyulan vəsaitin effektlivliyini  necə dəyərləndirirsiniz?

- Hesab edirəm ki, bizim islahatlarımız orta məktəb səviyyəsindən başlanılmalıdır. Hətta orta məktəbin ibtidai siniflərindən Azərbaycan şagirdləri informasiya texnologiyaları, kompüter mühəndisliyi fənləri üzərində daha çox çalışmalıdır. Texniki fənləri mənimsəmək bünövrəsi orta məktəbdən qoyulmalıdır. Orta məktəb şagirdləri özləri lazım olan proqramların hazırlanması işinə cəlb olunmalıdır. Bunun üçün ilk növbədə orta məktəblərin maddi texniki bazası dəyişdirilməli, müasirləşməli, yeni texnika ilə təchiz olunmalıdır. Hesab edirəm ki, bu sahədə kadr hazırlığı üzrə ciddi islahatlara ehtiyac var. 

-  Azərbaycanda hansı sahələrə daha çox investisiya yatırılmalıdır? 

- Azərbaycanda hazırda ən çox ehtiyac duyulan sahələr məhz kimya, kompüter mühəndisliyi, konstruktur işi və eyni zamanda digər sahələrin də mühəndislik işidir ki, bu gün Azərbaycan sənayesinin müasirləşməsi, innovasiyası yalnız Azərbaycanın elmi-texniki potensialının yüksəldilməsi ilə mümkündür. Ona görə də elmə diqqət artırılmalıdır. Amma düşünmürəm bu gün elmi inkişaf etdirmək üçün akademiyanın mövcud bazasında islahatlar aparılmalıdır. Elm sahəsində yeni və müstəqil, alternativ institutların fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. Onların beynəlxalq əməkdaşlıq qurması və birgə fəaliyyəti üçün  yaranan əngəllər aradan qaldırılmalıdır. Düşüncə mərkəzləri rəqabət şəraitində inkişaf etməlidir. Bunların fəaliyyəti üçün isə mövcud olan maneələr aradan qaldırılmalıdır. Daha çox həm universitet bazalı, həm müstəqil, həm dövlətin özünün, həm də ki biznesin nəzdində belə düşüncə mərkəzlərinin yaradılması nəticə etibarilə elmin inkişafına, həm də Azərbaycandakı mövcud siyasətin daha yaxşı qurulmasına gətirib çıxara bilər.

"Amerikada pulu ona görə daha çox ödəyirlər ki..."

- Artıq Qubad İbadoğlu Amerika universitetlərinin birində müəllim kimi fəaliyyət göstərir. Dövrümüzdə ABŞ və Qərb ölkələri artıq elmlə təhsilin vəhdətini çoxdan gerçəkləşdirmiş və özlərini insan kapitalı üzrə çoxdan sübut etmişlər. Sizə görə, Azərbaycanda nə çatışmır? Nələr etmək olar ki, ölkənin elm sahəsində keyfiyyəti yüksəlsin?

- Hesab edirəm ki, Azərbaycanda da yaxşı universitetlər qurmaq mümkündür. Bunu son illərdə bir neçə universitetlərdə baş verən  əhəmiyyətli dəyişikliklərin  olması ilə də təsdiq edə bilərik.  Lakin hazırda Azərbaycan universitetlərinin inkişafında ən böyük problemlərdən biri kadr bazasıdır. Yeni və gənc kadrlara ehtiyac var. Belə kadrlarla düzgün menecment işi qurulmalıdır. Onların əməyi, fəaliyyətidaha düzgün qiymətləndirilməlidir.  Bu da elmin inkişafına töhvə verən vacib səbəblərdən biri ola bilər. Amerikada tədris daha liberal qaydada təşkil olunub. Tələbələr, müəllimlər istər akademik baxımdan, istər siyasi baxımdan daha azaddırlar. Eyni zamanda burada müəllimlər tədris edəcəyi dərsinin proqramını qurmaq cəhətindən də sərbəstdirlər. Bu da təhsili daha keyfiyyətli edir. Baxmayaraq ki, mənim tədris etdiyim fənləri götürən tələbələr üçün davamiyyət məcburi deyil, amma tələbələr demək olar ki, 100%-ə yaxın göstərici ilə dərslərdə iştirak edirlər. Onlar  müəyyən fərdi planlar, ev tapşırıqları əsasında  hər gün dərsləri mənimsəyirlər. Burada onların əsas məqsədi odur ki,  investiya qoyduqları dərs vəsaitlərinin hesabına daha çox bilik qazana bilsinlər. Amerikada pulu ona görə daha çox ödəyirlər ki, daha yaxşı tədris edilən universitetlərdə oxusunlar. Bu baxımdan həmin vəsaiti ödəyənlər təbii ki, müəllimə qarşı daha çox tələbkardırlar. Düşünürəm, bunlar çox əhəmiyyətli məsələlərdir. 

- Tədris etdiyiniz dərslər zamanı  ABŞ universitetlərinin tələbələri ilə Azərbaycan universitetlərinin  tələbələri arasında nə kimi  fərqləri müşahidə etmisiniz?

- Artıq uzun müddətdir ki, Azərbaycanda, Avropa və Amerikada tədrislə məşğulam. Təbii ki, hər bir ölkənin universitetlərinin tələbələri arasında müəyyən  fərqlər var.  Bu fərqlər onların  dünyagörüşü ilə, onların elmə, gələcəyə, həmçinin öz həyatına baxış bucağı ilə bağlıdır. Məsələn, Amerikadakı tələbələrlə Azərbaycan tələbələri arasında ciddi fərqlər var. Amerikada tədris etdiyim dərsləri mənimsəyən gənclər gələcəyi daha geniş miqyasda görürlər. Azərbaycan gəncləri, xüsusilə tələbələr çox təəssüf ki, uzun müddətli düşünmək, plan qurmaq və bunun üçün çalışmaq həvəsində olmurlar. Amerikadakı tələbələrin yalnız elmə münasibətində deyil, həm də müəllimlərə qarşı münasibətində, ölkəyə və gələcəyə qarşı münasibətlərində də fərqlənirlər. Amerikadakı tələbələrin əsas düşüncəsi öz həyatını daha yaxşı qurmaq üçün axtarışlar aparmaqdır. İstər tədrisdə, istər elmdə, istərsə də iş yerlərində daim  araşdırıb axtarırlar. Tələbələrin əksəri demək olar ki, iş fəaliyyətindədir və ya bir çox tələbələr də müəyyən könüllülük fəaliyyəti ilə məşğul olurlar. Təcrübə toplayırlar və çalışırlar universiteti bitirdikdən sonra öz kariyeralarını qura bilsinlər.  Bunun üçün də əlavə dillər öyrənirlər. Bəziləri çin dilini, bəziləri alman dili, bəziləri də fransız dilini öyrənirlər. Hətta rus dilini öyrənənlər də var ki, bu gənclərin məqsədi-  onlar gələcəkdə bu dillərin mövcud olduğu ölkələrdə də müəyyən işlərə cəlb olunsunlar, biznes qura bilsinlər və özlərini tanıda bilsinlər. Təbii ki, Amerikada belə gənclərin potensialından istifadə imkanı daha çoxdur və bu gənclərin də çoxu öz növbəsində doğma ölkəsində qalmaq, fəaliyyət göstərmək niyyətindədirlər.

"Azərbaycan iqtisadiyyatının modernləşməyə ehtiyacı var"

- Bu yaxınlarda Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunda təmsil olunmaq istəyib. Bundan sonra Azərbaycan Çinə vizasız gedə biləcəkmi? Sizcə, Azərbaycanın  Şərqə inteqrasiya etməsinin əsası varmı?

- Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunda təmsil olunmaq istəyir. Bu, o demək deyil ki, Azərbaycan Çinə vizasız gedə biləcək. Amma istənilən halda Çin və Azərbaycan arasındakı münasibətlərə yeni nəfəs gətirəcək. İqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə müəyyən imkanlar yarada bilər. Lakin təəssüf ki, Azərbaycanın siyasi baxışı fərqli olur. Mən Azərbaycanın daha çox Avropaya, Atlantik məkanına inteqrasiya edilməsində maraqlıyam. Hesab edirəm ki, Avropa dəyərləri bütün sahələrdə Azərbaycan üçün daha çox fayda verə bilər, nəinki Şərqə inteqrasiya etmək. Buna baxmayaraq, Azərbaycan həm Qərblə, həm Şərqlə ticarətdə əməkdaşlığını davam etdirilməlidir.  Hesab edirəm, Şanxay Əməkdaşlıq Təşkilatı ilə yeni statusda tərəfdaşlıq etmək Azərbaycanın xarici sərhəd kursunda dəyişikliyə gətirib çıxarmalı deyil. Azərbaycan Avropa Birliyinin Assosiasiyası sazişini imzalamalıdır. Həmçinin Avropa Birliyi ilə dərin və hərtərəfli Azad Ticarət Sazişinə qoşulmalıdır. Bu, Azərbaycan-Avropa münasibətlərinin daha da inkişafına gətirib çıxara bilər. Avropa-Azərbaycan arasında ticari-iqtisadi və investisiya əməkdaşlığını dərinləşdirə bilər. Bu, çox əhəmiyyətlidir. Çünki Azərbaycan iqtisadiyyatının modernləşməyə ehtiyacı var. İqtisadiyyatın modernləşməsi üçün də lazım olan vacib elementlər - innovasiyalar, texnologiyalardır. Bunlar da Azərbaycana daha çox Avropadan gətirilə bilər.

 - Azərbaycanın iqtisadiyyatı azad olan ölkə kimi səviyyəsini daha da yaxşılaşdırmaq, reytinqini qaldırmaq üçün nə kimi tədbirlər görmək olar?

- İqtisadi azadlıqla bağlı son açıqlanan reytinq bir daha göstərdi ki, Azərbaycan iqtisadiyyatında liberallaşma istiqamətində islahatlara ehtiyac var. Azərbaycan iqtisadiyyatı hazırda  hakimiyyətin daha çox inzibati vasitələrlə  nəzarəti altındadır. Eyni zamanda daha çox hakimiyyətin müdaxiləsi ilə tənzimlənir. Bu baxımdan hesab edirəm ki, iqtisadiyyata azadlıq verilməli, bazar institutlarının bərqərar olunması fəaliyyəti üçün sərbəst şərait yaradılmalıdır. Hakimiyyət rəqabəti dəstəkləməli, eyni zamanda dövlətin xüsusilə iqtisadi azadlığı təmin edən müstəqil məhkəmə hakimiyyəti olmalıdır. Müstəqil məhkəmə hakimiyyəti olduqda həm biznesin, həm də fərdi sahibkarların hüquqları qorunur. Belə olduqda, Azərbaycanın iqtisadi azadlıq reytinqi də yüksələ bilər. İndiki halda isə islahatlar müstəqillik və məhkəmə sistemi ilə başlanılmalıdır. Bu, Azərbaycan iqtisadiyyatının liberallaşmasında, rəqabətin dəstəklənməsində, ticarətin açıq olmasında, korrupsiya ilə mübarizənin gücləndirilməsində,  o cümlədən inhisarçılığın aradan qaldırılmasında və şəffaflığın artırılmasında bir daha özünü göstərəcək.

Samirə Əliyeva
Toplum Tv