17:05, 06 Noyabr 2018 (Çərşənbə axşamı) 147

''Qarabağ Komitəsi''nin növbəti aksiyasına icazə verilmədi

''Qarabağ Komitəsi''nin növbəti aksiyasına icazə verilmədi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin Azərbaycandakı səfirliklərinin qarşısında piket keçirilməsini «məqsədəuyğun» hesab etməyib.

Bu haqda piketin təşkilatçısı olan Qarabağ Komitəsinin məlumatında bildirilir.

Komitə iki həftə əvvəl noyabrda Fransanın, ABŞ-ın və Rusiyanın Azərbaycandakı səfirliklərinin qarşısında piket keçirilməsinə qərar vermişdi. Piketlə bağlı BŞİH-ə xəbərdarlıq məktubu da göndərilmişdi.

BŞİH bu gün, noyabrın 6-da həmin məktuba cavab verib.

Verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun göndərdiyi cavab məktubunda yazılır ki, komitənin müraciəti araşdırılıb.

«Fransa, ABŞ və Rusiya səfirlikləri Bakının nəqliyyatın intensiv hərəkət etdiyi ərazilərində yerləşir. Həmin ərazilərdə toplantıda iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətinin və nəqliyyat vasitələrinin iş ahənginin təmin edilməsində yaranacaq ciddi problemləri nəzərə alaraq, qeyd etdiyiniz yerlərdə piketin keçirilməsi məqsədəuyğun hesab edilmir», - Komitədən bildirildiyinə görə, BŞİH-in cavabında yazılıb.

Qarabağ Komitəsi piketlərə icazə verilməməsinin müzakirə olunacağını, onunla bağlı yekun qərar verəcəklərini qeyd edir.

Komitənin aksiyalar keçirməsində məqsədin Minsk qrupu həmsədrlərini Dağlıq Qarabağ probleminin tənzimlənməsində daha aktiv fəaliyyətə dəvət etmək olduğu bildirilir.

BŞİH ötən həftə komitənin noyabr ayının sonuna təyin etdiyi mitinqi də «məqsədəuyğun» hesab etməmişdi.

Komitə bundan əvvəl sentyabrın 29-da Bakıda «Qarabağa azadlıq» şüarı ilə mitinq keçirib.

X