23:36, 15 Noyabr 2018 (Cümə axşamı) 151

Peyklə bağlı Dövlət Proqramı təsdiqlənib

Peyklə bağlı Dövlət Proqramı təsdiqlənib
Noyabrın 15-də prezident İlham Əliyev "Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Azadlıq Radiosu"-nun xəbərinə götə, sərəncamla "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə (ASC) Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, bu məsələlərlə bağlı prezidentə və Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Söhbət peyk müşahidəsi xidmətlərindən müxtəlif sahələrdə istifadə etməklə ölkədəki sosial-iqtisadi və texnoloji inkişafın dəstəklənməsini təmin etməkdən gedir.

Bundan ötrü ilk növbədə "Azersky” və digər yüksək ayırdetməli məsafədən Yerin müşahidəsi peyklərinin resurslarından optimal istifadə edilməlidir. Eyni zamanda, müxtəlif sahələrdə iqtisadi dəyər yaradılması, kommersiya faydasının əldə edilməsindən ötrtü iqtisadi və texnoloji mühit formalaşdırılmalıdır.

Üstəlik, peyk təsvirlərindən istifadə etməklə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəliliyinin artırılmasına dəstək verilməlidir. Habelə, elmi tədqiqatların səmərəliliyinin artırılması təmin edilməlidir. Peyk təsvirlərinin emalı və satışı sahəsində ixrac potensialının genişləndirilməsi qarşıya məqsəd qoyulub.