10:23, 12 Fevral 2019 (Çərşənbə axşamı) 304

Nurəddin Xocanın məhkəməsi başlayıb

Nurəddin Xocanın məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ müharibəsi iştirakçısı, "Bozqurd” batalyonunun komandiri, rəhbərlik etdiyi saytdakı yazılara görə cinayət məsuliyyətinə cəlb olunan "Teref.info” saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyilə keçirilən iclasda N.Xocanın vəkili Elçin Sadıqov hüquqlarını müdafiə etdiyi şəxsin barəsində cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, baş redaktorun məsuliyyətə cəlb olunmasına əsas olan məqalələrin ikisi də başqa media orqanlarından (musavat.com və reportyor.info) götürülüb, istinadla dərc olunub. KİV haqqında qanunun 62-ci maddəsi isə başqa media qurumunda yayımlanmış və təkzib edilməyən materialın təkrar dərcinə görə məsuliyyətdən azad edir.

Məhkəmə vəsatəti təmin etməyib.

İş üzrə məhkəmə baxışı 14 fevrala təyin olunub.

N.Xoca Mingəçevir Su elektrik Stansiyasında bütün ölkənin işıqsız qalmasına səbəb olan qəza və ardınca Gəncədə icra başçısına qarşı sui-qəsd barədə yazılara görə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar etmə və ya bu cür materiallar yayma), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

N.Xoca ittihamları qəbul etmir.

Meydan Tv