17:15, 17 Sentyabr 2018 (Bazar ertəsi) 1555

Nəriman Qasımoğlu: "İnsanlar necə anlasın ki, “suda” sözünün “su” ilə əlaqəsi yoxdur"

Nəriman Qasımoğlu:
Orfoqrafiya Komissiyasının  sentyabrın 13-də keçirilən iclasında Orfoqrafiya qaydaları layihəsinin qəbul edilən maddələrinin tam siyahısı açıqlanıb.

Ərəbşünas alim, tərcüməçi Nəriman Qasımoğlu  "Orfoqrafiya lüğəti" layihəsinə əlavə edilən yeni qərarları Toplum TV-yə təhlil edib.

Dövlət dilinə qarşı mühafizəkarlıq xidməti

Nəriman Qasımoğlu bildirir ki, yeni qərarların qəbul edilməsi ilə ədəbi dilin ləhcələrə endirilməsi perspektivinə sədd çəkilmiş oldu: "Yeni qərarı, əlbəttə, təqdir etməliyik. Azərbaycan ədəbi dilinin ləhcələrə  endirilməsi perspektivinə müəyyən mənada sədd çəkmiş oldu. Özəlliklə də qoşa "y" samiti ilə bağlı irəli sürülmüş təklif fəlakətli mövqedən xəbər verirdi. Yaxşı ki qarşısı alındı".

Nəriman Qasımoğlu bir dilin qrammatikasında dəyişikliklərin edilməsi, yeniliklərin əlavə olunmasının nə dərəcədə doğru olub-olmamasını belə izah edib: "Mükəmməl şəkillənmiş, inkişaf etmiş və ədəbi dil səviyyəsində özünü hər baxımdan çoxdan təsdiq etmiş dildə, dil qrammatikasında, orfoqrafiyasında qısa zaman müddətində tez-tez dəyişikliklərə yol vermək arzuedilən deyil. Dünyanın ən inkişaf etmiş ölkələri də özlərinin dövlət dillərinə münasibətdə məhz belə bir mövqeni əsas götürüb bəlli bir mühafizəkarlıq sərgiləyir".

31 və 33-cü Maddələr-Avropa dillərindən alınma sözlərin bəziləri ilə  bağlı  qəbul edilən yeni qərarlar 

Qasımoğlu qəbul edilən yeni 2 qərarın ləğv olunan 37-ci qanunla mahiyyətcə oxşar olduğunu belə izah edib: "Bəzən söhbət heç bəhs etdiyim mühafizəkarlıq zərurətindən də getmir. Götürək, elə  31-ci və 33-cü maddələri.  Nəzərdə tutulur ki, Avropa dillərindən alınma sözlərin əvvəlindəki və sonundakı qoşa "s” samitindən biri ixtisara düşsün. Bunu necə əsaslandırırlar? Tələffüzümü əsas gətirirlər? Dedik axı, tələffüzü əsas götürsək, bu, elə bir ləhcələşmə prosesi üçün zəmin yaradar ki, qarşısını almaq çətin başa gələr. Niyə "ssenari” və "ssuda” "senari” və "suda” olmalıdır? Sözü "ssuda” görüntüsündə görüb bilməyən bilər ki, alınma sözdür və çalışar öyrənsin. Sözün "suda” şəkli isə məlumdur ki, diqqətsiz, yaxud bir qədər savadsız oxucunu çaşdırar, yəni ilk baxışdan oxucu şüuraltısında "su” sözünün yerlik hal şəkilçisi ilə işlənməsi təəssüratı yaradar".

N. Qasımoğlunun sözləinə görə, təklif müəllifləri iki "y” samitindən birinin düşməsini əsaslandırmaq üçün belə bir təhlükəli və absurd fikir irəli sürürdülər ki, ədəbi dili "xalqın dili”nə uyğunlaşdırmalıyıq, yazılanları hər oxumaq bacarığı olan oxuya bilsin. 

Onun fikrincə, bu, bir çox insanın  oxumasına maneə yaradacaq: "İnsanlar necə anlasın ki, sənin bu "suda” sözünün "su” ilə əlaqəsi yoxdur. Yəni sənin o zərərli məntiqin burada da axsayır".

Nəriman Qasımoğlu sonu qoşa s samiti ilə bitən sözlərdə də edilən dəyişikliyi əsassız adlandırır: ”Boss”, brass”, ”ekspress”, ”stress”, ”trass” və s.-dəki "s”-ların birinin ixtisara salınmasının da heç bir ciddi əsası yoxdur. Dilimizdə bu qəbildən oturuşmuş digər sözlər də var: hiss, fənn, sədd və s. Bu sonuncular şəkilçi qəbul edəndə qoşa samitlərdən biri düşür. Həmin qaydanı dediyin sözlərə də tətbiq et də, məsələ bitsin. Ayrıca yazılanda da necə var, eləcə saxla, vəssəlam. Yəni o iki maddənin, təkrar edirəm, ciddi əsaslandırılması ola bilməz. Ədəbi dilimizi ləhcələşdirməyə yönəlik hər hansı "əsaslandırma”nın qarşısını isə bəri başdan almaq lazımdır".

Maddə 40 - Xüsusi isimlərə morfemlərin birləşmə qaydası

N.Qasımoğlu deyir ki, morfemlərin xüsusi isimlərə birləşmə qaydasına dair təkliflər düşündürücüdür: "İlk baxışdan qrammatik qaydaya uyğun gəlmədiyi aydındır. Çünki bu birləşmədən sonra yaranan söz xüsusi isimlikdən çıxır. Ancaq belə sözlərin mahiyyətində həmin o xüsusi isimlərin qabardılması nəzərdə tutulduğundan bu dəyişikliyə etiraz etməzdim. Ən çox inkişaf etmiş ölkələrin dillərində də artıq qəbul edilib ki, kökündə xüsusi isimlər dayanan sözlər onlara əlavə edilən "anti”, "proto”, "trans”, eləcə də "ümum”, "qeyri” kimi morfemlərdən defislə ayrılır və həmin kök sözlər böyük hərflə yazılır".

Sahə bildirən sözün böyük, vəzifə bildirən sözün isə kiçik hərflə yazılması qərarı 

Alim deyir ki, əslində iki ümumi ismin birləşməsində iki söz ayrılıqda kiçik yazılmalıdır: "Məsələ burasındadır ki, sahə bildirən sözlə vəzifə bildirən söz işlənəndə mahiyyətcə bu söz birləşməsi bütövlükdə xüsusiləşir. Kimlərəsə, xüsusən də dilçilərimizə bu, qəribə gələ bilər. Ancaq vurğulamaq istədiyim məqam söz birləşməsinin şəklinə deyil, məzmununa aiddir. Səhiyyə sahəsinə rəhbərlik edən şəxsin vəzifəsi nazirdir. Ayrıca "nazir” sözü xüsusi isim deyil, təbii. Heç "səhiyyə” sözü də xüsusi isim deyil. İkisi bir yerdə işlənəndə və heç bir ölkəyə aidiyyatı bəlli olmayan "səhiyyə naziri” birləşməsi də ümumilikdə iki ümumi ismin birləşməsidir  və hər iki söz kiçik hərflə yazılmalıdır. Hansısa ölkəyə aidiyyatı bilindiyi təqdirdə isə hər iki söz böyük hərflə yazılmalıdır, birincisi böyük, ikincisi kiçik hərflə deyil. Dediyim qaydanı fəxri adlara da tətbiq etmək olar: Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Xalq Şairi,  Azərbaycan Respublikasının Milli Qəhrəmanı və s."

Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adların yazılması qaydaları

Nəriman Qasımoğlu hesab edir  ki, bu qayda tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlara da tətbiq edilməlidir. Onun sözlərinə görə aidiyyat ünvanı bəlli belə mürəkkəb adlar artıq hissə-hissə deyil, tam halda xüsusiləşmiş səciyyə daşıyır. 

Qasımoğlu deyir ki,  tələffüzü ilə yazılışı arasında yer-asiman fərqi olan sözlərin yazılışını əsrlərdir göz bəbəyi kimi qoruyub saxlayan, dəyişməyən "mühafizəkar” ingilislər də xeyli müddətdir ünvanı bəlli mürəkkəb adlarda keçən sözlərin hamısını böyük hərflərlə yazırlar.

"Qrafik adaptasiya" dövrü

Son olaraq alim bildirir ki, bu qeydlərdə "böyük-kiçik” hərflərlə bağlı söhbətin sözlərin tələffüzü və məzmununa dəxli yoxdur, bu, sadəcə qrafika məsələsinə aiddir: "Əlbəttə, fərqindəyəm ki, sonda bu dediklərimlə qeydlərimin əvvəlində bildirdiyim və dil qaydalarında mühafizəkarlığa dəvət kimi açıqlana bilən mətləb arasında ziddiyyət arayan da tapılar. İstərdim bilsinlər, bu qeydlərimdə "böyük-kiçik” hərflərlə bağlı söhbətin sözlərin tələffüzü və məzmununa dəxli yoxdur, bu, sadəcə qrafika məsələsinə aiddir. Belə yüngül qrafik dəyişikliklərin texniki rahatsızlıqlar yarada biləcəyini də nəzərə alaraq hesab edirəm indiki halda bunu qərar şəklində təsdiq etməkdənsə, yaxşı olardı buraxasan, Vasif Sadiqlinin təbirincə, "qrafik adaptasiya” dövrünün ixtiyarına.  İnanıram ki, bu adaptasiya dövrü də elə mənim qeyd etdiklərimlə sonuclanacaq".

Samirə Əliyeva
Toplum.Tv