15:12, 13 Noyabr 2018 (Çərşənbə axşamı) 131

Navalnı ölkədən buraxılmayıb

Navalnı ölkədən buraxılmayıb


/ DÜNYA
Rusiyanın müxalifət lideri Aleksey Navalnı deyir ki, hakimiyyət onun ölkədən çıxışına icazə verməyib.

Navalnı noyabrın 13-də "Twitter" hesabında yazıb ki, pasport nəzarəti əməkdaşları onu "xüsusi yoxlama tədbirləri”ndən ötrü saxlayıblar.

Navalny yazıb ki, onlar "ölkədən çıxışımı yasaqlayan hansısa məktubdan danışırlar, amma səbəb göstərmirlər”.

Müxalifət lideri məktubu vebsaytında yerləşdirib. Sənəddə onun çıxışına qadağa qoyulmasına səbəb göstərilməyib. ​

Navalnı qeyd edib ki, o, Frankfurta, oradan da Strasburqa gedəcəkdi, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) onun işi üzrə qərarı gözlənir.

Bu gün məhkəmə Rusiyaya qarşı iddia üzrə yekun qərarını açıqlamalıdır. İddiada deyilir ki, Navalnının 2012-14-cü illərdə bir neçə dəfə saxlanması, həbsi, administrativ cəzalar alması onun hüquqlarını pozub, siyasi motivli olub.

Məhkəmə 2017-ci ilin fevralında bu iş üzrə Navalnının xeyrinə qərarını açıqladı, amma Rusiya bu qərardan apellyasiya şikayəti verdi.

"Nə istədikləri aydındır: AİHM ətrafında dolaşma, Lyublino Rayon Məhkəməsi yaşayış ərazinə daxildir – nəyisə xoşlamasan, oraya get”, – Navalnı yazıb.

Prezident Vladimir Putinin açıq tənqidçisi olan Navalny böyük küçə etirazları təşkil edib, Rusiya hakim elitasında korrupsiya iddialarını əks etdirən hesabatlar yayıb.

O, elə ötən ay azadlığa çıxıb. Təşkil elədiyi antihökumət etirazlarından dolayı 50 sutka həbs cəzası çəkib.