14:58, 17 Sentyabr 2018 (Bazar ertəsi) 329

Müsavat üzvü 10 sutka həbs cəzası aldı

Müsavat üzvü 10 sutka həbs cəzası aldı
Bu gün, sentyabrın 17-də Yasamal Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Əziz Şahinoğluna 10 sutka inzibati cəza verildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasının məhkəmədə iştirak edən təmsilçisi məlumat verib. Onun deməsinə görə, Ə.Şahinoğlu polisə müqavimətdə ittiham edilib.

Müsavat Partiyasının fəalı Əziz Şahinoğlunu sentyabrın 15-də Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının saxladığı bildirilir.

Bu barədə Ə.Şahinoğlunun oğlu Ceyhun Qəhrəmanov bildirib. Onun vurğulamasına görə, sentyabrın 15-də Ə.Şahinoğlu təkbaşına Azərbaycan Xarici İşlər Nazirliyi önündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şüar yazılmış plakat qaldırıb: «Buna görə atamı polis işçiləri Yasamal Rayonu 27-ci Polis Bölməsinə aparıblar. Hüquq müdafiəçilərindən xahiş edirəm atama dəstək olsunlar».

Müsavat Partiyasından isə bildiriblər ki, Ə.Şahinoğlu polisə müqavimətdə günahlandırılır.

Onun bu gün, sentyabrın 18-də Yasamal Rayon Məhkəməsində hakim qarşısına çıxarılacağı gözlənir.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.