15:04, 16 Noyabr 2018 (Cümə) 239

Ümumi daxili məhsul artıb

Ümumi daxili məhsul artıb
2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 0,8 faiz artaraq 65 milyard 233 milyon manata çatıb. 

Dövlət Statistika Komitəsi bildirir ki, ötən ilin 10 ayı ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda 1 faiz, neft sektorunda 0,3 faiz artım qeydə alınıb.

ÜDM-in 45,7 faizi sənayedə, 9,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 faizi tikintidə, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrində, 14,7 faizi digər sahələrdə istehsal olunub, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil edib.

İnformasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 8,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 8,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,6 faiz, sənayedə 1,4 faiz, digər xidmət sahələrində 0,3 faiz artıb, tikintidə isə 15,8 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 6648,1 manata bərabər olub.

Yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 11 milyard 482,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz az vəsait yönəldilib.

Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi 16,7 faiz artıb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 62,1 faizini təşkil edib.