15:03, 04 Dekabr 2018 (Çərşənbə axşamı) 380

Mənim hekayəm: Şəhid övladlarına "qanad" olan Ceylan

Mənim hekayəm: Şəhid övladlarına
"Birlik olaq, Dəstək olaq"

Pərişan Musazadə aprel şəhidi mayor Təbriz Musazadənin həyat yoldaşıdır. Liseydə müəllimə kimi fəaliyyət göstərən Pərişanın 31 yaşı var.  

Hazırda yeni yaradılmış "Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyinin sədridir.

"İş fəaliyyətimə dövlət bağçasında müəllimə olaraq başlamışam. İki il öncə Təbriz Musazadə adina Təhsil və İncəsənət Mərkəzi təsis etdim. Bu təhsil mərkəzində şəhid övladlarına təmənnasız, qazi və hərbçi övladlarına isə güzəştli şəkildə dərslər deməyə başladıq. Sonra şirkətlərin birində təhsil üzrə koordinator olaraq  davam etdim. Təhsil mərkəzini təsis etdikdən sonra  şəhidlərin anısına bir çox tədbirlər həyata keçirdim. Bu tədbirlərdə millət vəkilləri, iş adamları, qazilər, şəhid ailələri və sair iştirak edirdi. Bu tədbirlərdən sonra isə təhsil  və vətənpərvərlik mövzusunda olan layihələrə rəhbərlik təklifləri gəlməyə başladı”, - deyə Pərişan Musazadə gördüyü işlərdən danışır. 

O, hazırda İstanbul liseyində pedaqoq kimi çalışır: "İşimi, müəllimliyi çox sevirəm. Uşaqlar mənim hər şeyimdir".

"Ceylan" adının tarixçəsi

Pərişanı ictimaiyyətdə daha çox "Ceylan" adı ilə tanıyırlar. Ceylanı sevən insanlar onu "Pərişan" adı ilə çağırmaq istəmirlər: "Uşaqlıqda adım "Pərişan" qoyulanda babam bu adı sevmədiyini söyləyib. Deyirdi ki, Pərişan "bədbinlik" deməkdir. Amma artıq doğum şəhadətnaməsində valideynlərim adımı Pərişan deyə yazdırmışdılar. O zamanlar babam məni "Ceylan" adı ilə çağırardı. Qohumlarım, tanışlarım da Ceylan deyə müraciət edərdilər. Amma iş yoldaşlarım və digər insanlar Pərişan deyirdilər. Bir dəfə liseyin rəhbəri Zeliha Abdullayeva mənə dedi ki, Pərişan hocam, xətrinizə dəyməsin, amma mən bu adla sizi çağırmaq istəmirəm. Çünki mən sizin artıq adınızın daşıyıcısı olan bir qadın olmağınızı istəmirəm. Mən də bildirdim ki, hocam, "hər kəs adı ilə yaşayar" demişlər.

Mən də yəqin ki, adımla yaşayıram. Zeliha müəllimə də cavab verdi ki, o zaman adınızı dəyişdirək və elə babanızın verdiyi adla sizi çağıraq.  Bir gün dərsim bitdiyi vaxt müəllimlərdən biri mənə dedi ki, aşağı enin, sizi direktor çağırır. Müdirin otağına gəldim. Bu zaman rəhbərlik və müəllimələr mənə sürpriz etdilər. Üzərində "Ceylan" yazılan tort almışdılar. Mənə yeni ad günü keçirdilər və xahiş etdilər ki, sosial şəbəkədə "Pərişan" adının qarşısında "Ceylan" adını da əlavə edim. Təbii ki, onların dostluğundan, onların sevgisindən irəli gələrək mən istəklərini yerinə yetirdim".

Könüllülərin dəstəyi onu birlik yaratmağa ruhlandırıb

Təhsil mərkəzini quran Ceylana bu işdə könüllü insanlar dəstək olublar. O, bu dəstəyi və sevgini gördükdə təşkilat yaratmaq qərarına gəlib: "Təhsil mərkəzində fəaliyyət göstərərkən sonradan bu işə könüllü insanlar, tanışlarım qoşuldular. Düşündüm ki, niyə də bunu  birlik halına gətirməyim? Hazırda könüllü müəllimlər, həkimlər bu işdə yanimdadırlar. Müəllimlər iş yoldaşlarım, həkimlər isə könüllü şəkildə bunu istəyən insanlardır. Qeyd edim ki, "Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyinin açılışı 8 dekabrda Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq".

 
Uşaqların təhsili və sağlamlığı əsas hədəfdir

Birlik rəhbərinin sözlərinə görə, bu ailələrin uşaqlarına həm təhsildə, həm də səhhətində yardım göstəriləcək: "Təhsilə həm məktəb fənləri, həm də universitetlərə hazırlıq prosesi şamil olunur.  Uşaqların səhhətində problemlər varsa, imkanımız çatan qədəri ilə həkimlərimiz klinikalarda müayinə edəcəklər. Həmçinin  şəhid övladları və kimsəsiz uşaqların  istirahəti üçün də layihələr təşkil edəcəyik".

Ceylan deyir ki, belə ailələri tapmaq onun üçün çətin deyil: "Birliyin əməkdaşları və jurnalistəlirimizin sayəsində belə ailələri tapırıq. Həm də şəhid ailəsi olduğum üçün çoxunu tanıyıram, əlaqəm var. Sosial şəbəkədə də olduğuma görə məni tapmaq çətin deyil. Uşaqların təhsili sahəsində hazırlıqların təşkili, yerləşdirilməsi işi təhsil üzrə baş koordinatorumuza həvalə olunub. Həkimlərlə isə psixoloqumuz işləyir".

Könüllü insanların, birlik əməkdaşlarının qatqıları sayəsində isə maddi problemləri həll etməyə çalışırlar: "Ailələrə yardım etmək imkanımızın nə qədər olmasını dəqiq deyə bilmirəm. Dediyim kimi, könüllü insanlar həm maddi, həm də mənəvi olaraq yanımdadırlar. Onu da qeyd edim ki, birliyin işçilərindən başqa şagirdlərimin  valideynləri də maddi yardım edir, köməklik göstərir. El birliyi ilə öhdəsindən gəlməyə çalışacağıq".

"Problemlər zamanında həll edilməlidir”

Ceylan deyir ki, şəhid övladlarına verəcəyi vəd onların problemlərini zamanında həll edə biləcəyi ilə bağlıdır: "Mən uşaqları çox sevirəm. Siyasətdən tam uzaq, sadəcə ruhu təmiz uşaqlarla işləyirəm. Onlara borclu olduğumuz üçün bunu içimdən gələrək edirəm. Şəhid övladlarına verəcəyim vəd budur - onların qarşılaşdıqları problemləri anında həll etməyə çalışacağıq".

Ceylanın sözlərinə görə, həyat yoldaşı şəhid olmadan öncə onunla bərabər  belə bir təhsil mərkəzi qurmağı xəyal edirdi: "Həyat yoldaşım şəhid olmadan öncə birlik yaratmağı düşünməsəm də, imkansız uşaqların da təhsil ala biləcəyi bir mərkəz yaratmaq istəyirdik".

"Heç bir qız dünyaya güclü gəlmir, həyat bizi yoğuraraq güclü olmağa məcbur edir" 

Ceylan deyir ki, əgər hər kəs, xüsusən də qadınlar istəsə qarşılaşdıqları çətinliklərlə mübarizə apara, güclü ola bilərlər: "Mən çox əziyyət çəkmişəm. Buna görə də həmişə güclü insanların olmasını istəyirəm. Bəzən qadınlar düşünür ki, bacarmaz. Hər kəs bacarar, yetər ki, hər kəs istəsin. Mən sıfırdan başladım və davam edirəm. Heç bir qız dünyaya güclü gəlmir, həyat bizi yoğuraraq güclü olmağa məcbur edir".

Ceylan həyatdakı ən böyük məqsədindən də danışır: "Ən böyük məqsədim balaca ürəklərə nəfəsim çatdığı qədər yardım edə bilməkdir. Eyni zamanda güclü qadınları görməkdir. Ən azından onlara güclü olmağı öyrətməliyik. Sən, mən, biz..."

Samirə Əliyeva
Toplum.tv