12:42, 17 Sentyabr 2018 (Bazar ertəsi) 320

Məhbusların qaçmasına görə rəis müavini işdən çıxarılıb

Məhbusların qaçmasına görə rəis müavini işdən çıxarılıb
Bu gün , sentyabrın 17-i Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakim katibi Tofiq Canıyev ifadə verib.
O qeyd edib ki, hadisədən əvvəl Etibar Məmmədov və digər dustaqların geri qaytarılması ilə bağlı məhkəmənin qərarı olmayıb: "Mən bu barədə məlumatı sonra bildim. Deyəsən hakimin xəbəri axşamdan olub".

Daha sonra T.Canıyev, Lənkəran Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasının rəhbəri Əlişir Fərəcov və Astara Rayon Polis Şöbəsinin müvəqqəti təcridxanasının rəisi Bəşir Bəşirov arasında çarpaz dindirilmə olub.

Təqsirləndirilən Əli Ağami bildirib ki, hadisədən əvvəl ona Bakıya qaytarılacaqlarını deyiblər.

Məhkəmədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisinin sabiq müavini Səadət Tağıyev də dindirilib. S.Tağıyev deyib ki, məhkəmənin təxirə salınacağı barədə ona məlumat verilib: "Fədayə Laçın şöbəyə gələndə onu mən Əlişir Fərəcovun yanına apardım. Lakin üzərinə baxış keçirilmədi. Qadın olduğu üçün bunu etmədik".

Məhkəmədə məlum olub ki, S.Tağıyev dustaqların qaçmasından sonra vəzifəsindən azad edilib. O, hazırda Astara rayonunda sahə müvəkkili vəzifəsində çalışır.
F.Laçın söyləyib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama təcridxanasında E.Məmmədovla Ə.Fərəcovun yanında görüşüb. O bildirib ki, E.Məmmədovla şəkillərini "Malış" ləqəbi ilə tanın bir şəxs çəkib.

Prosesdə vəkil Gülşən Salmanova vəsatət qaldırıb. O, Lənkəran və Astara rayonlarının polis rəislərinin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib.
Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmənin növbəti iclası sentyabrın 19-na təyin edilib.

Ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan qabaq, F. Laçın barədə olan həbs qərarı bir dəfə uzadılıb və onun həbs müddəti mayın 23-də başa çatırdı.