16:51, 11 Sentyabr 2018 (Çərşənbə axşamı) 282

Kartof bazarındakı vəziyyətlə bağlı açıqlama

Kartof bazarındakı vəziyyətlə bağlı açıqlama
AZƏRTAC "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin nümayəndəsi Nicat Nəsirlinin kartof bazarındakı vəziyyətlə bağlı açıqlamasını yayıb.

Bu il ölkədə 743 min ton kartof istehsalının proqnozlaşdırıldığını deyən Nicat Nəsirli qeyd edib ki, kartofun əkin sahəsi 59 min hektara, məhsuldarlığı isə 15 tona çatıb: "Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 59,3 min hektar kartof əkini sahəsinin 20 min hektarından 304,3 min ton məhsul yığılıb, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.

Nazirlər Kabinetinin 3 sentyabr 2018-ci il qərarı ilə ölkəyə idxal edilən təzə kartofun tarif dərəcəsinin 30 faizə qaldırılması 2 aylıq müddətdə yerli məhsulun realizə olunmasını nəzərdə tutur. Azərbaycan özünü kartof üzrə 85,5 faiz təmin edir və rəqəmlər deməyə əsas verir ki, indiki vəziyyətdə daxili bazarda kartofun qiymətinin qaldırılmasına cəhdlər yalnız spekulyativ xarakter daşıyacaq və "psixoloji qiymət artımı” kimi qiymətləndirilməlidir.

Həmçinin kartof idxal etdiyimiz ölkələrdəki vəziyyətin təhlili göstərir ki, daxili tələbatın artdığı dövrdə (noyabr-aprel ayları) belə bahalaşma iqtisadi xarakter daşımayacaq. Kartof idxal etdiyimiz xarici ölkələrdə istehsal yüksək səviyyədədir və həmin ölkələrin özündə də kartof bahalaşmayıb”.

İl ərzində ölkəyə 160 min ton kartof idxal olunduğunu və bunun da daxili tələbatın cəmi 16 faizini təşkil etdiyini vurğulayan Nicat Nəsirli deyib ki, son illər İranın idxalda çəkisi artmaqdadır: "Bunun səbəbi coğrafi yaxınlıq və məhsulun ucuz başa gəlməsidir (30-33 qəpik). İran Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2018-2019-cu təsərrüfat ilində 146,2 hektarda əkilmiş sahədən 4,99 milyon ton kartof istehsalı gözlənir. Ötən il də 4,9 milyon ton kartof istehsal edilmiş, 109,7 milyon dollar dəyərində 647,7 min ton məhsul ixrac olunmuşdu. Azərbaycan isə hər il 50 min tondan artıq kartofu bu ölkədən alır və buna 9 milyon dollardan çox pul xərcləyir.

Rusiya kartof təminatında Azərbaycan üçün ikinci mühüm ölkədir. Ötən il 43 min tondan artıq məhsul alınıb. Bu il Rusiyada rekord həddə istehsal gözlənir. 2017-2018-ci ildə bu ölkədə 33,6 milyon ton kartof istehsal olunub, bu da ötən ilkindən 16 faiz çoxdur.

Digər ölkədən – Gürcüstandan ildə 40 min tondan artıq kartof alırıq, bu ölkədə də istehsal qənaətbəxşdir.

Kartof idxalımızda 16 min tonluq həcmlə dördüncü yerdə Türkiyə dayanır. Bu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2017-2018-ci il üzrə ölkədə istehsal 5 milyon ton proqnozlaşdırılır və ümumi istehlakdan artıq qalacaq 300 min ton məhsul ixrac ediləcək. Azərbaycan ötən il Türkiyədən aldığı kartof üçün 4 milyon dollardan artıq vəsait ödəyib.

Kartof aldığımız sonrakı ölkələr sırasında Belarus (6 min ton), Ukrayna (2,5 min ton) var.

Pakistan da Azərbaycanın kartof təminatında mühüm ölkələrdəndir. İl ərzində bu ölkədən 3 min tona qədər kartof alırıq. Pakistanda cari mövsüm əlverişli olub və illik istehsal 4 milyon ton təşkil edəcək.

Göründüyü kimi, yaxın aylarda daxili istehsal və xarici bazarlardakı istehsal həcmi ciddi kartofda bahalaşmanın olacağına əsas vermir”.