13:56, 16 Noyabr 2018 (Cümə) 211

İnvestisiya qoyuluşu 11 faiz azalıb

İnvestisiya qoyuluşu 11 faiz azalıb
2018-ci ilin yanvar-oktyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 482.7 milyon manat vəsait qoyulub.

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) noyabrın 16-da yaydığı məlumatda belə yazılıb.

DSK bildirir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11.3 faiz azdır.

"Sərf edilmiş vəsaitin 69.3 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 16.7 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 18,2 faiz artıb", - DSK vurğulayır.

Qurum bildirir ki, sərmayənin 69.1 faizi məhsul istehsalı, 22.6 faizi xidmət, 8.3 faizi isə ümumi sahəsi 1 milyon 684.4 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 62.1 faizini tutub: «Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50.2 faiz, bank kreditləri 13 faiz, büdcə vəsaitləri 26.8 faiz, əhalinin şəxsi vəsaitləri 7.4 faiz, büdcədənkənar fondların vəsaitləri 1.9 faiz, sair vəsaitlər isə 0.7 faiz təşkil edib».

DSK bildirir ki, hesabat dövründə ölkənin ümumi daxili məhsulu (ÜDM) 0.8 faiz artaraq 65 milyard 233 milyon manata çatıb.

"Əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1 faiz, neft sektorunda isə 0.3 faiz artmışdır", - DSK qeyd edir

ÜDM-in 45.7 faizi sənayedə, 9.4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 6.5 faizi tikintidə, 6.4 faizi nəqliyyat, anbar təsərrüfatı, 5.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, 2.3 faizi turistlərin yerləşdirilməsi, ictimai iaşə, 1.5 faizi informasiya, rabitə sahələrində, 14.7 faizi də digər sahələrdə istehsal edilib.

Əhalinin hər nəfərinə düşən ÜDM 6 min 648.1 manata bərabər olub.