12:08, 12 Fevral 2019 (Çərşənbə axşamı) 152

İki cəbhəçidən xəbər yoxdur

İki cəbhəçidən xəbər yoxdur
«Fevralın 11-də Sumqayıt Şəhər Apelyasiya Məhkəməsinin qarşısında saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalları Hidayət Rəsulzadə və Mahir Rüstəmlidən hələ də bir xəbər yoxdur».

Bunu Azadlıq Radiosuna AXCP-dən bildiriblər.

«Mahir Rüstəmlinin buraxılmadığını bilirdik. Amma H.Rüstəmzadəni buraxılmış zənn edirdik. Amma sonra məlum oldu ki, onu da buraxmayıblar. Müraciətimizə baxmayaraq, hüquq-mühafizə orqanları onların saxlandıqları yer barədə məlumat vermirlər», partiyadan əlavə olaraq vurğulayıblar.

AXCP-dən habelə bildiriblər ki, 30 sutka inzibati cəza alan Şamaxı rayon təşkilatının sədri Zahir Məmmədlinin fevralın 11-də şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb. Onların deməsinə görə, bir qrup fəal da bu prosesi izləmək məqsədi ilə məhkəməyə gediblər.

«Onlara məhkəmə zalında deyiblər ki, proses olmayacaq. Cəbhəçilər eşiyə çıxıb, bu zaman məhkəmənin önümdə onları saxlayıblar. Məhkəmə prosesi oldu, şikayət isə təmin edilmədi. Sonra da saxlananların bəziləri buraxıldı», - deyə AXCP-dən qeyd ediblər.

Amma bu deyilənlərə, hələlik, Sumqayıt Apelyasiya Məhkəməsi, şəhər polis idarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

«Bu gün, fevralın 11-də Sumqayıt Apelyasiya Məhkəməsinin önündə saxlanan cəbhəçilərin əksəriyyəti sərbəst buraxılıb».

Bunu AzadlıqRadiosuna AXCP-dən bildiriblər.

Amma partiyadan verilən məlumata görə, saxlananlardan Mahir Rüstəmlinin taleyinə aydınlıq gətirmək mümkün olmayıb.

AXCP-dən verilən məlumata Sumqayit Şəhər Polis İdarəsindən münasibət almaq istəyi isə nəticə verməyib.

Məhkəməyə gələn cəbhəçilər saxlanıb
30 sutka inzibati cəza alan AXCP Şamaxı rayon təşkilatının sədri Zahir Məmmədlinin şikayətinə bu gün, fevralın 11-də Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.

Apelyasiya şikayətində Z.Məmmədlinin saxlanma qərarının əsassız sayılması və onun sərbəst buraxılması istənilib.

Məhkəmə şikayəti təmin etməyib.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat veriblər.

Partiyadan bildiriblər ki, məhkəmədə iştirak etməkdən ötrü fevralın 11-də Sumqayıta gələn cəbhəçi fəallardan bir neçə nəfərini binanın qarşısında saxlayıblar. Onların Sumqayıt Şəhər Polis İdarəsinə aparıldığı bildirilir.

Saxlananlar sırasında partiya fəallarından Elnur Həsənovun, Elvin Maqsudlunun, Mahir Rüstəmlinin, Hidayət Rəsulzadənin və Elman Atayevin adları çəkilir.

Amma bu deyilənlərə, hələlik, Sumqayıt Şəhər Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Son bir ayda bir neçə dəfə AXCP üzvlərinin işi ilə bağlı məhkəmə iclasları zamanı binanın qarşısında dayanan cəbhəçilərdən saxlanıb, polisin qanuni əmrinə tabe olmamaq ittihamı ilə üzləşib inzibati qaydada həbs edilənlər olub. AXCP həmin halları məhkəmə prosesini qanuni şəkildə izləmək istəyən fəalların əsassız yerə cəzalandırılması kimi dəyərləndirib.

Partiyadan verilən məlumata görə, təkcə bu ilin əvvəlindən 35-ə yaxın siyasi fəal inzibati hüquq pozmalarında günahlandırılaraq 20-25 sutkalıq həbs cəzası alıb. Bundan başqa, bu partiyanın 10-a yaxın fəalı son illər müxtəlif ittihamlarla mühakimə olunaraq uzunmüddətli həbs ediliblər. Bəzilərinin də məhkəməsi gedir. AXCP onların siyasi fəaliyyətləri ilə bağlı şərlənərək həbs olunduğunu bəyan edib.

Rəsmilər isə insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərə məruz qalması ilə bağlı iddiaları qəbul etmirlər.

Z.Məmmədli fevralın 5-də Şamaxı rayonunda saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsini pozmaqda günahlandırılıb.