11:35, 07 Fevral 2019 (Cümə axşamı) 373

Baş nazir öz qərarını ləğv etdi

Baş nazir öz qərarını ləğv etdi
Baş nazir Novruz Məmmədov meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydalarına dəyişiklikləri ləğv edib.

1993-cü il dekabrın 27-dən qüvvədə olan qaydalar Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il qərarı ilə yenilənmişdi. Həmin yeniliklə qadağan edilən sahələrdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər hər kiloqram üçün belə müəyyən olunmuşdu: yabanı (cır) meyvələr (alma, armud, zoğal, alça və s.) üçün 1 manat; peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.), itburnu, digər dərman bitkiləri, şabalıd, fındıq üçün 2 manat; çaytikanı, qoz üçün 3 manat; palıd üçün 1 manat; fıstıq toxumu, cökə üçün 1,5 manat.

Qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetri üçün 50 qəpik ödəniş rəsmiləşmişdi.

Meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır. Bu mümkün olmadıqda dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlətin tənzimlədiyi qiymətlərə, dövlətin tənzimləmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq ödənir. Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il qərarı meyvələrin və bitkilərin qanuni əsas olmadan əldə edilməsinə görə ödənişlərin artırılmasını nəzərdə tutub.

Fevralın 6-da prezident İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq Nazirlər Kabinetinə yeniliyin ləğv olunması göstəriş vermişdi.

Novator.az