13:55, 19 Noyabr 2018 (Bazar ertəsi) 239

Azərbaycanla bağlı daha bir iş Avropa Məhkəməsində

Azərbaycanla bağlı daha bir iş Avropa Məhkəməsində
Avropa İnsan Hüquqları Məhkəməsi daha bir kommunikasiya işinə başlayıb. 

Bu barədə vəkil Fariz Namazlı öz "Facebook" səhifəsində yazıb. 

O qeyd edib ki, başlanan kommunikasiya işində Nardaran hadisələri zamanı həbs edilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin qanunsuzluğu ilə bağlı verilən şikayətlərlə bağlıdır.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib.

Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib və uzunmüddətli həbs cəzaları kəsilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə «Nardaran işi -3» üzrə təqsirləndirilən 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib.

Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Eldar Bünyadov 12 il 3 ay, Əli Hüseynov 12 il 3 ay, Elxan Həsənov 12 il 3 ay, Faiq Allahverdiyev 13 il, Ramil Seyfullayev 13 il, Mübariz İbrahimov 13 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il azadlıqdan məhrum edilib.

AİHM-in məlumatlarına görə, bu il Azərbaycanla bağlı araşdırılan şikayətlərin sayında artım var.

Məhkəmə təkcə bu ilin sentyabr - oktyabr aylarında Azərbaycandan göndərilmiş 66 şikayəti araşdırmağa başlayıb. İlin əvvəlindən araşdırılmasına başlanan şikayətlərin sayı isə 160-dan çoxdur.

Əvvəlki illərdə bu göstərici xeyli az olub.

Türkan Bəşir 
Toplum TV