16:56, 09 Oktyabr 2018 (Çərşənbə axşamı) 907

Azərbaycanda 7 hakim cəzalandırıldı

Azərbaycanda 7 hakim cəzalandırıldı
Məhkəmə-Hüquq Şurası 7 hakimi cəzalandırıb. 

Məlumatı qurumun rəsmi saytı yayıb.

Bu gün, oktyabrın 9-u Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
 
 

Şuranın sədri Fikrət Məmmədov bildirib ki, qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin Avropada nümunə kimi göstərilən şəffaf seçiminin həyata keçirilməsi, insanların məhkəmələrə müraciət imkanlarının asanlaşması, o cümlədən "elektron məhkəmə" informasiya sisteminin və yeni məhkəmə infrastrukturunun yaradılması üzrə əməli tədbirlər aparılır.
 

İclasda qeyd olunub ki, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatı başlanıb, qanun pozuntusu və digər neqativ hallara yol verdikləri nəzərə alınaraq 100-dən çox hakimin məhkəmə sistemindən kənarlaşdırılıb.

Məhkəmə fəaliyyətində mövcud nöqsanların aradan qaldırılması üçün əlavə təsirli qəti tədbirlərin görülməsi, yuxarı məhkəmələr tərəfindən işlərə baxılarkən aşkar edilən kobud qanun pozuntuları, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalara və digər neqativ hallara prinsipial münasibət bəslənilməsinin vacibliyi bildirilib. 

Qeyd edilib ki, məhkəmə hakimiyyətinin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilməsinin əhəmiyyəti nəzərə alınıraq 800-dən çox hakimliyə namizədlə tam şəffaf şəraitdə müsabiqə keçirilib. 

Onlardan 108 nəfəri müsabiqəni, o cümlədən çoxmərhələli imtahanları və bir il müddətində davam etmiş təlim kurslarını, məhkəmələrdə, habelə Ankarada və Strasburqda–Avropa Məhkəməsində stajkeçməni uğurla başa vurmuşdur. 

İclasda həmçinin, hakimlər barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Bakı şəhərinin Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail rayon məhkəməsinin hakimi Nürəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib. 

Eyni zamanda 4 hakimin də səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib. 

Bu ilin sentyabrında Məhkəmə-Hüquq Şurasının qərarı ilə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılmış, o cümlədən korrupsiya hüquqpozmalarına görə 35 hakim ciddi intizam məsuliyyətinə cəlb edilmişdi.

Pərvanə Qurbanlı 
Toplum Tv