19:38, 03 Dekabr 2018 (Bazar ertəsi) 110

Azərbaycanda 100 kartdan 85 min manat oğurlanıb

Azərbaycanda 100 kartdan 85 min manat oğurlanıb
Azərbaycanda 100-dən çox kartdan 85 min manat mənimsəməkdə ittiham olunan Bakı şəhər sakini Səddam Nəzərli kibercinayətdə şübhəli bilinərək saxlanılıb.

"Amerikanın Səsi"-nin xəbərinə görə, Daxili İşlər Nazirliyinin məlumat yayıb ki, xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 min manat mənimsəmək ittihamı ilə Bakı sakini Səddam Nəzərli saxlanılıb.

Məlumatda deyilir ki, kibercinayətkarlıqla bağlı informasiya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olub.

"Baxış zamanı S.Nəzərlinin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Həmin texniki avadanlığın yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub", - məlumatda bildirilir.

Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işinin başlanıldığı, araşdırmaların davam etdiyi qeyd olunur.

Şübhəli bilinən S.Nəzərlinin əvvəllər Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunduğu deyilir.