11:49, 20 Sentyabr 2018 (Cümə axşamı) 191

Azərbaycan fransalı jurnalistlərə qarşı məhkəməni uduzdu

Azərbaycan fransalı jurnalistlərə qarşı məhkəməni uduzdu
Apelyasiya məhkəməsi Azərbaycanın fransız jurnalistlərə qarşı defamasiya ittihamı üzrə işə baxılmamasına dair aşağı məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.

Azərbaycan hökuməti jurnalistləri ölkəni "diktatura” adlandırmaqla böhtana yol verməkdə günahlandırır.

AFP agentliyi yazır ki, beləliklə Versal Apeyasiya Məhkəməsinin sentyabrın 19-da çıxardığı hökm jurnalist Elise Lucet və France-2 telekanalının o vaxtkı xəbər direktoruna qarşı 2015-ci ildə hazırlanmış reportaja görə açılmış işə xitam verib.

Bu təhqiqat reportajında Azərbaycan "dünyanın ən amansız diktatorluqlarından biri…” adlandırılmışdı.

Apelyasiya Məhkəməsinin hökmündə deyilir ki, heç bir ölkə, o cümlədən də Azərbaycan defamasiya ittihamı ilə çıxış edə bilməz.

Elise Lucet bu məhkəmə qərarı barədə özünün Facebook səhifəsində yazıb:

"Azərbaycan bu gün Laurent Richard-ın çox gözəl təhqiqatına qarşı apellyasiyanı uduzub. Sizi məlumatlandırmaq azadlığı qalib gəldi. Dəstəyinizə görə hamınıza təşəkkür edirəm".

İfadə azadlığı fəalları Azərbaycanın fransız jurnalistlərə qarşı məhkəmə ittihamını senzuranın ixracı cəhdi adlandırmışdılar.

Mənbə : Amerikanın Səsi