13:06, 18 Sentyabr 2018 (Çərşənbə axşamı) 556

AXCP fəalı 6 il müddətinə azadlıqdan məhrum edilib

AXCP fəalı 6 il müddətinə azadlıqdan məhrum edilib
Bu gün, sentyabrın 18-i Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq Cəbhəsi Partiyasının fəalı, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Orxan Baxışlının işi üzrə prosesdə hökm oxunub. Məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib.

Prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Müdafiə tərəfi Baxışlıya bəraət verilməsini istəyib.

Orxan Baxışlı mayın 6-da saxlanılıb və polis guya onun üzərindən 6 qr heroin aşkar edib. Fəal ittihamları təkzib edib və narkotiki onun üzərinə polis əməkdaşlarının özlərinin atdığını bildirib.

Həbsindən bir neçə gün əvvəl - mayın 3-də Ümumdünya Mətbuat Günü ilə əlaqədar jurnalist Elmar Hüseynovun məzarı başında keçirilən tədbirdə Baxışlı jurnalistin qətlində ölkə hakimiyyətini ittiham edib. Həmkarlarının fikrincə, onun həbsinə məhz bu səbəb olub. Hüquq müdafiəçiləri Baxışlını siyasi məhbus kimi tanıyıblar. -B06-

Turan