12:47, 06 Noyabr 2018 (Çərşənbə axşamı) 153

Ağdamda daha 121 ev təmir ediləcək

Ağdamda daha 121 ev təmir ediləcək
«Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq».

AZƏRTAC-ın xəbərinə görə, bunu dövlət başçısı İlham Əliyev noyabrın 5-də Ağdam rayonunda səfərdə olarkən deyib. O vurğulayıb ki, bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fərman imzalayıb.

Dövlət başçısı çıxışında 2016-cı ilin aprelində cəbhə xəttində baş verən döyüşlərdən də bəhs edib: «Ağdam rayonunda da dağıntılara məruz qalmış 600-dən çox ev qısa müddət ərzində bərpa edildi, yenidən tikildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti güclü dövlətdir».

Dövlət başçısı vurğulayıb ki, ona verilən məlumata görə, təmas xəttinə yaxın olan 19 kənddə hələ də təmirsiz 121 ev var. O bu evlərin bərpasından ötrü də sərəncam veriləcəyini söyləyib.

İ.Əliyev deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır: «Biz ədalət tələb edirik. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcək. Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaq...».

Prezident İ.Əliyev və xanımı Mehriban Əliyevə noyabrın 5-də Ağdama səfər edib. Onlar bir sıra obyektlərin açılışında iştirak ediblər.

Dövlət başçısı elə həmin gün Ağdam rayonunun təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Orada həmin işlərin görülməsindən ötrü 3 milyon manat ayrılıb.