15:15, 20 Sentyabr 2018 (Cümə axşamı) 167

ABŞ Azərbaycanın antiterror fəaliyyətindən razıdır

ABŞ Azərbaycanın antiterror fəaliyyətindən razıdır
"Azərbaycan hökuməti terrorçu cəhdlərinin aşkarlanması və dəf olunması üçün fəal iş görüb”. 

Azadlıq Radiosunun məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin "2017-ci il Ölkələr üzrə Terrorçuluq Hesabatı”nda bildirir.

Hesabatda qeyd olunub ki, 2017-ci ildə Azərbaycan terrorla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub.
Hesabat müəllifləri qeyd ediblər ki, terrorçuluq cəhdləri Azərbaycanın quru və dəniz sərhədlərindən, həmçinin Cənubi Qafqaz ərazisindən adam, pul və material keçirməyi hədəfləyib.

"Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri terror hücumlarını pozmaq və önləmək üçün əməliyyatlar keçirib, şübhəli terrorçuları həbs və təqib edib, Azərbaycandan kənarda terrorçu qruplara qoşulandan sonra ölkəyə qayıtmış azərbaycanlıları məsuliyyətə cəlb edib. Azərbaycanın antiterror əməkdaşlığı ABŞ vətəndaşlarının tez-tez baş çəkdiyi turizm məkanlarına və Birləşmiş Ştatların Azərbaycandakı iqtisadi maraqlarına terror hücumları riskini azaldıb”, – hesabatda vurğulanır.

Departament bildirir ki, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri ölkə ərazisində terrorçuluğun aşkarlanması, önlənməsi bacarıqlarını ortaya qoyublar. Bu sahədə Daxili İşlər Nazirliyinin Dövlət Təhlükəsizlik Xidməti ilə sıx əməkdaşlıq etdiyi bildirilir.

Hesabatda qeyd olunur ki, Azərbaycanın hüquq mühafizə və təhlükəsizlik xidmətləri ötən il bir neçə potensial terror hücumunu önlədiklərini bildiriblər.

Yanvarın 27-də şübhəli "dini ekstremist” Ceyhun Ocaqovun həbsinə müqavimət göstərdiyi üçün öldürüldüyü xəbər verilir.

Fevralın 1-də Dövlət Təhlükəsizlik Xidməti terrorçu təşkilatlara bağlı olduğu bildirilən qruplaşmanın dörd üzvünü öldürüb.

Avqustun 28-də terrorçuluqda şübhəli sayılan Yaşar Cavadov öldürülüb.

Oktyabrın 27-də isə Suriya və İraqda savaşmaqda şübhəli sayılan dörd azərbaycanlı saxlanıb.

Hesabatda Azərbaycanın beynəlxalq antiterror təşəbbüslərinə də üzv olduğu vurğulanır.